Bioqrafiya
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Malik Hüseynov, Bakı Mədəni Maarif Texnikumu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ-tətbiqi sənət” fakültəsində professional sənət təhsili almışdır. O, yaradıcılıq yolunda Azərbaycanın Xalq rəssamları Kamil Əliyev və Arif Hüseynovun fərdi məktəbini keçmişdir. Professional karyerasına memar-dizayner kimi başlayan rəssam, uzun illər Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyində mədəni irsin qorunması, bərpası və inkişafı sahəsində fəaliyyət göstərmişdir. Bu təcrübə onun yaradıcılıq yolunda milli memarlıq elementlərinin və tarixi yaddaşın dərindən kök salmasına böyük təsir göstərmişdir. Malik Hüseynovun yaradıcılığı reallıq, impressionizm və daxili duyğuların sintezinə əsaslanır. Yağlı boya, sulu boya və ənənəvi xalça sənəti texnikalarında çalışan müəllif, Azərbaycanın milli-estetik dəyərlərini, xüsusilə Qarabağ və Şuşanın tarixi mənzərələrini müasir vizual dillə kətana köçürür. O, sənətdə milli teksturalarla (Xalça naxışları) müasir rəng sərbəstliyinin vəhdətini yaradır. Bir çox respublika və beynəlxalq miqyaslı sərgilərin iştirakçısıdır.
2005-2015-ci illər ərzində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər il təşkil olunan ənənəvi 'Gül bayramı' tədbirlərinin bədii tərtibatına rəhbərlik etmiş, Ümummilli Lider Heydər Əliyevin portret kompozisiyalarının dizaynını hazırlayaraq, dövlət əhəmiyyətli estetik tədbirlərin vizual konsepsiyasında baş rəssam vəzifəsində işləyib.
2023-cü ildə, Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsində rəis əvəzi vəzifəsində çalışıb.